Məqalalar / Əhli - beyt / İMAM HÜSEYNİN (Ə) DÜŞMƏNLƏRİNİ NİYƏ LƏ`NƏTLƏMƏLİYİK?

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Bu sualın ardınca digər bir sualla da qarşılaşa bilərik. Hal-hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu mübahisələr yaranır. Bu söhbətlərin əksəriyyəti də münafiqlər tərəfindən qızışdırılır. Əlbəttə, zəmanəmizin münafiqlərini nəzərdə tuturam. Onlar deyirlər: "Çox gözəl, bura qədər biz sizinlə razılaşır, İmam Hüseyn tarixinin tə’sir və faydalarını və bu xatirənin yaşadılması üçün lazım olan mərasimlərin keçirilməsinin vacibliyini də qəbul edirik. Amma belə əzadarlıqlarda siz başqa işlər də görürsünüz. İmam Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq və şəhadətinə acımaqla yanaşı, İmamın düşmənlərinə də lə’nət deyirsiniz. Bu iş nəyə lazımdır? Niyə imam Hüseyn əleyhissəlamın düşmənlərini lə’nətləyirsiniz? Sizin bu işiniz bir növ kobudluqdur, bədbinlikdir. Bir növ mənfi hisslərdəndir və «modern insan» xisləti ilə uyuşmur. Sizin qəlbiniz riqqətə gəlir və kövrəlirsə, nə qədər istəyirsiniz ağlayın, əzadarlıq edin. Daha İmamın düşmənlərini niyə lə’nətləyirisiniz? Niyə deyirsiniz: "Mən sənin düşmənlərinin cövrü-cəfasından Allaha pənah aparıram. Aşura ziyarətində İmamın düşmənlərinə yüz dəfə lə’nət deməyi niyə tə’kid edirsiniz? Elə ziyarətdə olan yüz salamı verməklə kifayətlənmək olmazmı? Axı nə üçün bu lə’nətləri deməklə camaatı da başqalarına qarşı bədbin edir və ya onlara qarşı mənfi hisslər aşılayırsınız? Müasir dövrümüzdə mümkün qədər camaatla xoş, mehriban rəftar etməliyik. Bu günlər biz yaşamaqdan dəm vurmalı, deyib-gülməli, sülhdən, barışıqdan danışmalıyıq. Qarğış yağdırmaq, lə’nət demək, küsüb-küsüşmək insana yaraşmayan kobud işlərdəndir. Bunlar İmam Hüseyn əleyhissəlamın şəhid edildiyi bir tarixdə, 1400 il bundan əvvəl baş verib. Bunlar o zamanın tərzi-təfəkkürünə bağlıdır. Artıq bu günlər cəmiyyət belə şeyləri qəbul etmir. Gəlin bunların yerinə barışıqdan danışın, düşmənlərinizə də məhəbbət göstərin, onlarla da deyin gülün. Məgər, İslam dini dostluq, məhəbbət dini deyilmi?". Əgər bir insan doğrudan da bunları bilmədən soruşarsa, onun suallarına cavab vermək o qədər də çətin bir iş deyildir. Amma güman edirik ki, bu sözləri deyənlərin məqsədləri tamam başqadır. Çox ehtimal ki, onlar ya başqalarının cızdığı plan əsasında bu sualları ortaya çıxardırlar, ya da özlərinin bu işdə güddükləri başqa bir siyasət vardır. Əgər bu suallar əqli və elmi şəkildə verilərsə, cavablarını da uyğun şəkildə təhlil edəcəyik. Fərz edin ki, bu sualları bizdən yeniyetmə soruşur. Deyir: «İmamın düşmənlərinə niyə lə’nət edirsiniz? Bunların yerinə ziyarətdə salam verməklə kifayətlənmək olmazmı? Kifayət etməsə, yenə də təkrar olaraq yüz salam göndərin. Axı qarğış yağdırmaq, lə’nət demək nəyə lazımdır?» Bu sualın elmi cavabı budur ki, insanın xisləti təkcə dərketmə ünsüründən ibarət olmadığı kimi, onun qəlbi, duyğusu və hissləri də yalnız müsbət hisslərdən yaranmamışdır. İnsan həm müsbət, həm də mənfi duyğuya malik olan bir məxluqdur. Vücudumuzda sevinib-şənlənmək hissi olduğu kimi, qüssələnmək hissi də mövcuddur. Allah bizləri bu xislətlər üzrə yaratmışdır. Yaradan bizlərə gülmək qabiliyyəti verdiyi kimi, ağlamaq qabiliyyəti də vermişdir. Biz münasib şəraitə görə həm gülə, həm də ağlaya bilərik. Bu qüvvələrdən birini dayandırmaqla, Allahın bizə əta etdiyi ne’mətdən məhrum olur, nəticədə, fiziki və ruhi böhranlarla qarşılaşırıq. Belə bir xüsusiyyətin olmasına dəlil, bizlərin yeri düşəndə ağlaya bilməyimizdir. Görəsən, Allahın bizim vücudumuzda bu duyğunu qoymaqda məqsədi nə olmuşdur? Bu hiss nə üçün bizdə hüzn yaradır, gözlərimizi yaşardır? Mə`lum məsələdir ki, ağlamağın da insanın həyatında müəyyən rolu vardır. Allahın verəcəyi əzabın qorxusundan kövrələn qəlb və ya Allahın mərhəmətinə qovuşmaq üçün çırpınan ürəyin çeşməsindən qaynayan göz yaşları, insanın İlahi təkamülə çatmasında mühüm rol oynayır. İnsan öz məhbubunun hüzünlü halını gördükdə, qəlbi riqqətə gəlir. İnsanın şəraitə uyğun haldan-hala düşməsi, onun təbiətindən irəli gəlir. Allah Təala bizlərdə məhəbbət və şəfqət hissi də yaradıb. Biz təbii olaraq insanlığa xidmət göstərir, həmçinin müxtəlif kamal sahiblərinə, istər fiziki olsun, istərsə də ruhi, əqli məhəbbət və ya hörmət izhar edirik. Bir yerdə mə’rifət və ya kamal sahibinin mövcudluğu haqqında xəbər eşitdikdə, qəlbimizdə təbii olaraq, ona qarşı məhəbbət hissi yaranır. Bundan başqa, insanın vücudunda məhəbbətlə ziddiyyət təşkil edən nifrət və kin vardır. İnsan ona xidmət göstərmiş hər hansı bir şəxsə məhəbbət izhar etdiyi kimi, fitri olaraq da ona zərər vuran insana nifrət bəsləyir. Əlbəttə, mö’min şəxs üçün maddi, dünyəvi zərərlərin elə bir əhəmiyyəti yoxdur. Amma insan dinini, əbədi səadətini ondan almış şəxsin əməllərinə göz yuma bilərmi? Qur’ani-Kərim buyurur: "Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz". Şeytanın üzünə gülmək və onunla qol-boyun olmaq olmaz. Əks təqdirdə, insan şeytana çevrilər. Allah dostları ilə dost oluruqsa, gərək düşmənləri ilə də düşmən olaq. Belə bir mövqe insanın fitrətindən qaynaqlanır və insanı təkamülə, səadətə çatdırır. Əgər Allah düşmənləri ilə düşmənçilik olmasa, tədricən insan onlarla ünsiyyət tapar və bu əlaqələrin nəticəsində onların davranış və fikirlərini qəbul edər. Yavaş-yavaş onlardan biri kimi şeytana çevrilər. Əgər bir kimsə bu sözü qəbul etməsə, onda Qur’ana müraciət etsin. İlahi kəlamda şəkk-şübhə yoxdur. Qur’ani-Kərim buyurur: "Elə ki, gördün biri din haqqında pis danışır, istehza, məsxərə edir, onlara yaxınlaşma... Söhbətlərini dəyişməyənə qədər dediklərinə qulaq asma!". Başqa bir ayədə belə buyurur: "Əgər bu nəsihətə qulaq asmasalar, bilsinlər ki, sonda onlara qovuşacaqlar". Dinə istehza, məsxərə edənlərə məhəbbət, şəfqət göstərən, onlara xoş üzlə baxan kəslərin aqibəti onların tə’siri altına düşməsi ilə nəticələnəcək. Elə ki, tə’sir altına düşdülər, ürəklərində şəkk-şübhə yaranacaqdır. Ürəkdə şəkk yarandısa, imanda nifaq və ikiüzlülük edəcəklər. İnsanın qəlbində imanı olmayıb, müsəlman olduğunu desə, münafiq sayılır. Qur’an buyurur: "Dünyada kafirlərlə həmsöhbət olanlar nəhayətdə münafiq, axirətdə də cəhənnəm odunda bir yerdə olarlar". Başqa ifadə ilə desək, düşmənlərin qarşısında düşmənçilik, təhlükə və zərər müqabilində müdafiə sistemini yaradır. İnsanın orqanizmi ona faydalı olan maddə və vitaminləri cəzb etdiyi kimi, onun digər müdafiə sistemi də sağlamlığına zərərli mikroblar və qalıqları də`f edir. İnsan bədəninin müdafiə sistemi zəifləsə, mikroblar üçün artıb inkişaf etməyə şərait yaranar. Bu, insanın xəstələnmə və hətta ölümü ilə nəticələnə bilər. Əgər biz mikrobların inkişafına şərait yaratsaq, bu vəziyyətdə bədənimizin sağlam qalacağına tə`minat verə bilərikmi? Mikrobla mübarizə aparmaq lazımdır. Bu İlahi bir qanun, İlahi hikmət və tədbirin hər bir canlı varlıq üçün qoyduğu sistemdir. Biri cəzbetmə, digəri isə, dəfetmə sistemidir. Hər bir canlı varlığın inkişafı üçün zəruri maddələrin lazımi orqanlara cəzb edilməsi vacib olduğu kimi, zərərlərin də`f edilməsi də zəruridir. İnsanın bə’zi orqanları bu vəzifələri adi şəkildə icra edirlər. Məsələn, böyrək, mə`də, qan dövranı sistemi və s. Bə’zən də xarici mühitdən bədənə hücum çəkən mikroblara qarşı bu sistem mübarizəyə başlayır. İnsanın ruhunda da belə bir xüsusiyyət olmalıdır. Psixoloji cəzbetmə amilinin vasitəsi ilə insanlara qarşı ehtiramla yanaşıb, məhəbbət izhar etməliyik. Biz onlardan elm, əxlaq, mə’rifət öyrənirik. Görəsən, nə üçün insanlar tərbiyəli, əxlaqlı və savadlı şəxsləri sevirlər? Çünki, onlarla ünsiyyətdə olmaq insanlara xeyir gətirir. Cəmiyyətin tərəqqisində rolu olmuş, hikmət, kamal mənbəyi olan belə şəxslərə qayğı və ehtiram göstərmək bizim borcumuzdur. Bunun müqabilində cəmiyyəti bədbəxtliyə, rəzalətə sürükləyən şəxslərlə də düşmənçilik edilməlidir. Qur’ani-Kərim buyurur: "Siz gərək İbrahim peyğəmbər və onun dostlarının yolunu tutasınız." Bildiyiniz kimi, İbrahim əleyhissəlamın İslam mədəniyyətində tutduğu mövqe həddən artıq yüksək və mühümdür. Peyğəmbərimiz Həzrət Muhəmməd (s) də belə buyurmuşdur: "Mən İbrahim əleyhissəlama tabeyəm. İslam adını da bu dinə verən İbrahim (ə) olmuşdur". Allah Təala buyurur: "Siz gərək İbrahim əleyhissəlamın yolu ilə gedəsiniz". Görəsən, İbrahim (ə) nə iş görmüş və hansı yolla getmişdir? İbrahim (ə) və tərəfdarları, onlara düşmən kəsilmiş bütpərəstlərə, yurdundan, şəhərlərindən didərgin salanlara deyirdilər: "Biz sizdən bizarıq, sizin işlərinizdən uzağıq". Sonra buna da qane olmayıb buyurmuşdu: "Bizimlə sizin aranızda olan düşmənçilik Qiyamət gününə kimi davam edəcəkdir. Bir şərtlə ki, xəyanətdən əl çəkib, doğru yola qayıdasınız". Bizim də İslam düşmənləri və İmam Hüseyn əleyhissəlamın qatillərinə olan kin və qəzəbimiz İbrahimin tutduğu yolu davam etməyimizdən irəli gəlir. Qur’ani-Kərimdə bu barədə belə buyurulur: "Gərək sizlər İbrahim əleyhissəlamın yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e’lan edəsiniz". Hər vəziyyətdə xoşrəftar olub, xoş üz göstərmək olmaz. Bə’zi şəraitdə gərək cəsarətli olub, «bəli, mən səninlə düşmənəm, öz xəyanətindən əl götürməyincə barışıq, danışıq yoxdur» - deyə biləsən. Görəsən günahsız, müdafiəsiz bir xalqı qanına qəltan edən, on minlərlə insanı evsiz-eşiksiz qoyan erməni quldurlarına məhəbbət izhar edib, onlarla bir araya gəlmək olarmı? Görəsən, tutduğu alçaq mövqe və xəyanətindən bir addım da geri dönmək niyyətində olmayan xalq düşmənlərinə xoş üz göstərib, bəşəri əxlaqdan danışmaq nə dərəcədə məqsədəuyğundur?! Və ya bunlarla sazişə can atan, daim barışıqdan dəm vuran şəxslər nə kimi müsbət nəticələr əldə etmişlər?! (Mütərcim) Əvvəllər dinin şaxələri on idi. Sonra bunlara yeni bir qol da əlavə edildi. Əmr be mə’ruf, nəhy-əz münkərdən sonra iki şaxə də artırılıb; təvəlla və təbərra məsələsi də dinin əsas məsələlərindən hesab edildi. Yə’ni, müsəlmanlara əməli olaraq, vacib olan işlərdən biri də Allah dostları ilə dost olub, düşmənləri ilə düşmənçilik etməkdir. Əsas məsələ bizim cəzb və dəfetməni yerində tətbiq edə bilməyimizdir. Bə’zən biz bunların yerini dəyişik salırıq. Cəzb edəcəyimiz yerdə də`f edirik. Bir kimsə səhvən bir söz söyləyərək, sonradan öz peşmançılığını bildirərsə, onu o dəqiqə düşmən e’lan etmək olmaz. Biz səbrlə onu başa salsaq, yəqin ki, öz səhvini başa düşüb günahını e`tiraf edəcəkdir. Bir günah işə görə həmin şəxsi cəmiyyətdən təcrid etmək olmaz. Biz onun islahına çalışmalıyıq. O, diqqətə ehtiyacı olan xəstə kimidir. Belə yerdə düşmənçilik yaramaz. Amma bir kimsə bilərəkdən hər hansı günahı cəmiyyətdə yaymaq istəsə, o xəbis və xəyanətkar bir insandır. Belə adamla düşmənçilik edilməlidir. Amma bilmədən günah iş tutmuşsa, onunla mehribanlıqla rəftar edilməli, səhvini başa salıb doğru yola qaytarmaq lazımdır. Belə şəxslərə kömək etməliyik, yardım əli uzatmalıyıq. Onun hansısa bir problem ucbatından belə bir iş tutmasını nəzərə almalı və islah edilməsinə çalışmalıyıq. Düşmənçiliyinə and içmiş qəddar, kinli adam haqqında Allah Təala belə buyurur: "Siz öz haqq yolunuzdan əl götürmədiyiniz kimi, onlar da öz düşmənçiliklərindən əl çəkən deyillər". Burada belə bir nəticəyə gəlmək olar ki, şəhidlər sərvərinə keçirilən mərasimlərin mahiyyəti, Hüseyn əleyhissəlamın məktəbinin yenidən dirçəldilməsidir. Bu məktəbdən daha yaxşı bəhrələnə bilməyimiz üçün sadəcə elmi bəhslər kifayət deyil. Çünki insan, öz duyğularının yaşadılmasına ehtiyac duyur. Bundan əlavə, biz ancaq şən və müsbət duyğularımızla qane ola bilmərik. Şəhidlər sərvərinin xatirəsini və məzlumiyyətini yaşadıb dirçəltmək, məhərrəmlik ayının öz ruhuna uyğun hüznlə, müsibət səhnələrinin canlandırılması ilə mümkündür. Biz bu mərasimlərdə Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq, ona salam göndərib məhəbbət izhar etməklə yanaşı, İmamın və eləcə də Allahın düşmənlərinə lə’nət yağdırıb, nifrətimizi bildirməliyik. Ancaq salam verməklə işlər həll olmur; əvvəlcə düşmənlərə qarşı qəzəb hissimizi izhar etməli, sonra dostlara salam göndərməliyik! Qur’an belə buyurur: "Əşiddau ələl kuffar." (Yə`ni, kafirlərə qarşı kəskin.) "Ruhəmau beynəhum." (Bir-birlərinə qarşı isə mehriban olarlar.) Deməli, salamın yanında lə’nət, vilayətin yanında İslam düşmənlərinə qarşı düşmənçilik də olmalıdır. Məhz bu şəkildə həqiqi İmam Hüseyn ardıcılı hesab olunarıq. AŞURANIN İSLAMIN QORUNUB-SAXLANILMASINDA ROLU Sual oluna bilər ki, Kərbəla hadisəsinin İslam tarixi, müsəlmanların müqəddərati məsələləri və nəhayət, insanların səadətində rolu olması və ya ola biləcəyini necə bilmək olar? Bu sualın doğurduğu qaranlıqlara imkan daxilində aydınlıq gətirilməlidir. Bildiyimiz kimi, bütün insanlar Kərbəla hadisəsini insaniyyət aləminin yeganə faciəsi olmasa da, çox nadir hadisələrdən hesab edirlər. Əlbəttə, İmamlarımızdan (ə) bizə gəlib çatmış xəbərlərə əsasən, biz inanırıq ki, buna oxşar hadisə baş verməyəcəkdir. Amma bu barədə adəti üzrə sənəd və dəlil tələb edənlər üçün söz uzanmasın deyə, ehtiyat edib deyirik ki, bəşər tarixi ilə müəyyən qədər tanışlığı olan bütün tarixçilər bu hadisəni dünyada baş vermiş hadisələr içərisində çox nadir və qeyri-adi bir faciə kimi qiymətləndirirlər. Həqiqətən də, bu hadisə həm necə baş verməsi, həm müsibətinin əzəməti, həm xalq arasında xatirəsinin qorunub-yaşadılması və həm də cəmiyyətdə qoyduğu izlər baxımından digər hadisələrlə müqayisəolunmaz dərəcədə fərqlənir. Buna misal olaraq, hər il bu əzadarlığın təkrar olaraq keçirilməsi göstərir ki, heç bir hadisəni Kərbəla faciəsi ilə müqayisə etmək olmaz. Bu hadisə zamanı çəkilən zəhmətlər, təşkil edilən mərasimlər və tökülən göz yaşlarını sözsüz ki, digər hadisələrlə müqayisədə daha çox müşahidə edirik. İmam Hüseyn (ə) üçün keçirilən mərasimlərin tə`sir və əhəmiyyəti barəsində Belə mərasimlər ancaq bizim ölkəmizdə keçirilmir. Dünyanın ən ucqar nöqtələrində belə, Məhərrəm və Səfər aylarında, xüsusilə də Aşura günündə bizim şəhərlərdə keçirilən mərasimlərə oxşar proqramlar təşkil edilir. Dünyanın iri şəhərlərindən biri olan Nyu-Yorkun özündə belə, Aşura günü o şəhərdə məskən salmış müxtəlif ölkələrdən olan müsəlmanlar bütün xalqın diqqətini özünə cəlb edəcək dərəcədə əzadarlıqlar keçirirlər. O gün Nyu-Yorkun ən böyük xiyabanları insanlarla dolu olur. Hətta şiələrdən əlavə, sünnü məzhəbli müsəlman ölklərində də Aşura günü bu cür mərasimlər keçirilir. Və ya şiələr təşkil etdiyi əzadarlıq mərasimlərində iştirak etməyi sünni qardaşlarımız da özlərinə borc bilirlər. Məsələn, Hindistan, Banqladeş və Pakistanda bu ölkələrin digər məzhəblərindən olan müsəlmanlar ehtiram əlaməti olaraq, Məhərrəmlik mərasimlərində iştirak edirlər. Çünki, Qur’anda bu barədə belə qeyd olunub: "Ey Peyğəmbər de ki: Mən sizdən öz yaxınlarıma qarşı məhəbbətdən başqa bir şey istəmirəm". Bu ayəyə əsasən onlar bunu özlərinə borc bilib, Əhli-beyt əleyhimüssəlama məhəbbət, hörmət izhar edirlər. Hətta İslam şəriətinə e’tiqadı olmayan bə`zi bütpərəstlər belə, İmam Hüseyn əleyhissəlamın xatirinə təşkil edilən əzadarlıq mərasimlərindən gördükləri xeyir-bərəkət səbəbindən, bu cür mərasimlər keçirir, nəzir, ehsan paylayırlar. Qeyd etdiyim bu məsələlrin hamısı bütün dünyada müşahidə edilir və kafirlər də bu işdən xəbərdardırlar. Siz dünyada buna oxşar heç bir hadisəni göstərə bilməzsiniz ki, bu qədər geniş miqyasda keçirilsin və müxtəlif millətlərə bu qədər tə’sir göstərmiş olsun. Tə`sirinin davamlılığı baxımından, on üç əsrdən artıqdır ki, bu hadisə öz təravətini, təzəliyini qoruyub saxlamış, sanki dünən baş vermişdir. Elə bil, göz yaşı töküb sinə vuran xalq da bu hadisələri dünən yaşamışdır. Bəlkə də elə bir əzadarlıq mərasimləri, faciələri vardır ki, tarixi baxımdan kökləri daha qədim zamanlara gedib çıxır. Buna misal olaraq, Həzrət İsa əleyhissəlamın dara çəkilmə günü münasibəti ilə xristianların keçirdikləri xatirə mərasimlərini göstərmək olar. Həzrət İsanın (ə) çarmıxa çəkilmə gününün ildönümü bahar fəslindədir. Əlbəttə, bizim e’tiqadımıza görə belə bir hadisə olmamışdır. Qur’anda buyurulur: "Onu öldürmədilər və dara da çəkmədilər, əksinə onlar anlaşılmazlığa düçar oldular." Amma onların əqidəsinə görə, həzrət İsa əleyhissəlamı dara çəkib, sonra dəfn etmişdilər. Üç gündən sonra isə dirilərək, qeybə çəkilmişdir. Buna görə də bu günün ildönümü münasibəti ilə mərasim təşkil edirlər. Mənim Vatikana olan səfərim, təsadüfən Həzrət İsa əleyhissəlamın əzadarlıq mərasimi günləri ilə üst-üstə düşmüşdü. Bu mərasim Rumun ən böyük kilsəsi Sen Piterdə, şəxsən Papanın öz iştirakı ilə keçirilirdi. Biz də bu mərasimdə iştirak etməli olduq. Aydındır ki, bu məclis, dünyanın müxtəlif yerlərindən toplaşmış şəxslərin izdihamı və ən böyük kilsədə keçirilən belə bir mərasimə görə həddən artıq təntənəli olmalı idi. Bu mərasimdə qara paltar geyinib şam yandırır və həzin səslə, bizim növhələrə oxşar mahnılar oxuyurlar. Lakin bu mərasimin adi alimlərdən birinin matəm məclisi üçün tutduğumuz əzadarlıq qədər həyəcan və coşqunluğu yox idi. Həzrət İsa əleyhissəlamın doğumundan 2000 min il keçməsinə əsasən, deyə bilərik ki, belə mərasimlərin keçirilmə tarixi 2000 ilə çatır. Bu mərasim hər il keçirilir və ehtiramla yad edilir. Amma olduqca adi və süst keçirilir. Siz əgər bu mərasimi müsəlman dünyasında keçirilən hər hansı əzadarlıq mərasimi ilə müqayisə etsəniz, onda görərsiniz ki, müsəlmanların tutduqları mərasimlərlə onların keçirdikləri mərasim arasında çox fərq var. Belə mərasimlərdə iştirak edənlər bilirlər ki, bu məclislər necə keçirilir. Şiələrin bu yoldakı fədakarlıqları belə mərasimlərin keçirilməsinə və şəhidlər sərvərinin ziyarətinin daim maraq dairəsində olmasına şərait yaratmışdır. Belə mərasimlərin keçirilməsi və o Həzrətin ziyarətinə getmək heç də həmişə asan olmamışdır. Əlbəttə, indi də o qədər rahat deyil. Amma bir zamanlar İmam Hüseyn əleyhissəlamın qəbrini ziyarət etmək istəyənlər, ölümlərini gözlərinin qabağına gətirməli idilər. Abbasi dövlətinin mə’murları, xüsusilə də Mütəvəkkilin zamanında elə ciddi tədbirlər görülürdü ki, bir nəfər belə cür’ət edib, İmamın hərəminə yaxınlaşa bilmirdi. Sonda bu ziyarətgahlardan əsər-əlamət qalmasın deyə, İmam Hüseyn əleyhissəlamın qəbrini uçurtmuş, daha sonra həmin əraziyə su buraxıb yerini şumlamışdılar. Lakin şiələr canları və qanları ilə, min cür əziyyətlər bahasına da olsa, o Həzrəti yaxından ziyarət etmək üçün bu yoldan dönmürdülər. Belə bir şey harada görünüb? Ayrı cəhətlərində digər hadisələrlə oxşarlığı olsa belə, bu cəhətindən heç bir hadisəyə bənzəmir. Əlbəttə, bu xüsusiyyətlər təsadüfü işlər deyildir. Düzdür ki, bütün mö’minlərin qəlbində İmam Hüseyn (ə) eşqi, məhəbbəti vardır və bu işdə qeybi səbəblər də mövcuddur. Amma Allahın da işləri zahiri şəraitlər olmadan baş vermir. Bə`zən zahiri səbəblər olmadan baş verən işlər isə istisna xarakteri daşıyır. Şiələrin bu qətiyyət, iradə və əzmi təsadüfi olmamışdır. Bu işdən hətta digər məzhəblər də tə’sirlənmişlər. Ən əsası isə, Peyğəmbər (s) və İmamlar (ə) tərəfindən xatirə və əzadarlıq mərasimlərinin keçirilməsi, o Həzrətin qəbrinin ziyarəti barəsində tə’kid və vəsiyyətləridir. İmam Hüseyn əleyhissəlama göndərilən bir salamın savabının, həcc və ümrəyə getmək qədər olduğunu bildirmişlər. Səmimi qəlbdən və sidqi ürəkdən verilən hər bir salamın müstəhəbinin həcc qədər savabı vardır. İmam Hüseyn əleyhissəlamın ziyarətinin savabı olduqca çoxdur. Bu ziyarətnamələri oxuyanlara tarix boyu ehtiram göstərilmişdir. Məsələn, mərsiyə oxuyanlara və şe’r deyənlərə bəxşiş verər, tə’rifləyərdilər. Məhərrəmlik ayında öz evlərində əzadarlıq mərasimi keçirər, mərsiyəxanları çağırtdırıb məclis qurardılar. Beləliklə, dillə olan sifarişlər, əməli olaraq göstərdikləri yol, mərasim və ziyarətlər üçün qeyd olunmuş savablar, nəhayət Allahın bu məhəbbəti mö’minlərin qəlbində yerləşdirməsi, Kərbəla hadisəsini bəşər tarxinin misilsiz səhifəsinə çevirmişdir. Qarşıya bir neçə sual çıxa bilər. Bütün bunların insanların həyatında nə kimi tə’siri, rolu olmuşdur? Biz bilirik ki, Peyğəmbərin (s) məqamı İmamların (ə) məqamından yüksəkdir. Bəs nə üçün Peyğəmbərin (s) vəfatında belə əzadarlıqlar keçirmirik? Nə üçün İmam Hüseyn (ə) üçün deyilmiş sifarişlər Peyğəmbər (s) üçün edilməmişdir? Əgər İmamlarımızın fəzilət dərəcələrinə baxsaq, onların özlərinin buyurduqlarına əsasən, görərik ki, Əmirəl-mö’minin Əlinin (ə) məqamı hamısından üstündür. Elə bu səbəbdən də, biz Həzrət Əlinin (ə) şəhadəti münasibəti ilə əzadarlıq keçiririk. Lakin bu, İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıqla müqayisədə çox zəifdir. Görəsən, İmam Hüseynin (ə) müsibətinin hansı xüsusiyyəti onun bu qədər əhəmiyyətli olmasına və belə mərasimlərin keçirilməsinə səbəb olmuşdur? Nəql olunan rəvayətlərə əsasən, İmam Hüseyn əleyhissəlamın zikri, onun müsibətinə göz yaşı axıtmaq hələ Həzrət Adəmin (ə) zamanında olmuşdur. Hələlik bu kimi rəvayətlərlə işimiz yoxdur. Başqa bir rəvayətə əsasən, bütün peyğəmbər, övliya və mələklər İmam Hüseyn (ə) üçün ağlayırlar. Bəs görəsən, o əziz İmam haqqında Peyğəmbərin (s) buyurduğu nədir? Rəsuləllah (s) buyurmuşdur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm". "Hüseyn məndəndir" cümləsinin mə’nası aydındır. Amma "mən də Hüseyndənəm" cümləsinin mə’nası nədir? Yaxud, adətən məscid və hüseyniyyələrdə yazılıb vurulan məhşur bir rəvayətdə belə buyurulmuşdur: "Hüseyn hidayət çırağı, nicat gəmisidir". Bizim bütün İmamlarımız hidayət çırağı olublar, onların hamısı nicat gəmisidirlər. "Camiə" ziyarətində oxuyuruq: "Sizin hamınız nicat gəmisisiniz. Hər kəs sizin ətəyinizdən yapışsa, nicat tapmışdır, hər kəs sizdən üz döndərsə, geri qalar və həlak olar". Bütün İmamlarımızda bu xüsusiyyət vardır. Bəs görəsən İmam Hüseynin (ə) xüsusi məziyyəti nədir? Sözsüz ki, İmam Hüseynin (ə) şəxsiyyəti, İlahi təqdirin onun həyatı üçün nəzərdə tutduğu şərait o Həzrətə və onun şəhidlik məktəbinə xüsusi bir məziyyət verirdi. Bunlar özü bərəkət mənşəyi ola bilərlər. Eləcə də, İmamlarımızın vahid nurdan xəlq edildiyinə e’tiqadımız var. İmam Hüseynin (ə) yerinə hər hansı bir İmam olsaydı, həmin məsləki, yə`ni, şəhidlik yolunu seçəcəkdi. Misal üçün, İmam Həsən (ə) ilk növbədə müharibə etdi, amma sonra sülh müqaviləsi imzaladı. İmam Həsənin (ə) İmam Hüseyn (ə) ilə müqayisədə sülh simvolu olduğunu iddia edənlər çoxdur. Bu o demək deyil ki, bu şəxslərin İslamdan başa düşdükləri və ya çıxardıqları hökmlər fərqlidir. Yə`ni, belə başa düşülməməlidir ki, biri sülh, digəri müharibə və qiyam tərəfdarı olmuşdur. Xeyr, bizim əqidəmizə görə, İmam Hüseyn (ə) də İmam Həsənin (ə) yerində olsaydı, onun kimi rəftar edərdi. Başqa İmamlarımız da belədir. Rəftar və metodlarda olan fərq ayrılığı ictimai şəraitin onların öhdəsinə qoyduğu zəruriyyətdən doğurdu. Şəraitin xüsusiliyi və bu şəraitdən doğan tələblər imamın bəşəriyyətə doğru yolu göstərməsi üçün zəmin yaratmışdı; məhz belə bir şərait bəşər tarixində heç kəsə nəsib olmayan qeyri-adi bir rolu ifa etmək zəruriyyətini doğurmuşdu. Bu rəftarı tə’yin edən xüsusi şərait idi və ya dini tə’birlə desək, ilahi təqdir və Allah-taalanın istəyi bu imkanı yaratmışdı. Çünki, ictimai şəraitin özü də Allahın əlindədir. Bütün şeylərin silsilə səbəbləri Allahın iradəsində tamamlanır. Bu iki mətləb, bir sikkənin iki üzü kimidir. "Allah Təalabu xüsusi şəraiti imam Hüseyn əleyhissəlama bəxş etmişdir" və ya "Bu şərait İmam Hüseyn əleyhissəlamın yaşadığı mühitin tələblərindən doğan zərurət idi" ifadələri eyni mə`nanı əks etdirən müxtəlif tə`birlərdir. Çünki, şəraitin özü də Allahın iradəsinə bağlıdır və hər bir şey Onun təqdiri əsasında baş verir. Araşdırmağa ehtiyac duyduğumuz başqa bir sual isə, İmam Hüseyn əleyhissəlamın bu nailiyyəti doğuran həmin xüsusiyyətlərə necə nail olmasıdır. İnsanlar bu əzadarlıqlardan dünya və axirət işlərində necə faydalanırlar? Çünki, mö’min üçün dünya, axirətə qovuşmağın təkamül pilləsidir. Biz burada yeni həyata hazırlaşan ana bətnindəki körpə kimiyik. Həqiqi həyat ölümdən sonra başlayır."Həqiqi həyat bu dünyadan sonradır". Hər halda həm dünya, həm də axirət xeyrimiz İmam Hüseyn əleyhissəlama üz tutub ona və uğrunda vuruşduğu haqqa bağlanmağımız, həmçinin, ona əzadarlıq edib, xatirəsini əziz tutmağımızdadır. Yə`qin özünüz bu kimi əzadarlıqlarda saysız-hesabsız kəramət və qeyri-adi işlər baş verdiyini eşitmiş və ya görmüsünüz. Mən bu barədə nə qədər danışsam da, kifayət etməz. Ona görə də bu məsələyə toxunmuram. Hətta belə əzadarlıqların birində mərasim iştirakçılarından birinin alnına çəkdiyi gil-türbətlə Həzrət Ayətullahül-üzma Bürucirdinin uzun illər boyu sağalmaz gözü şəfa tapmışdır. O dövrdə ölkə müsəlmanlarının əksəriyyəti onun gözünün müalicəsi mümkün olmayan bir dərdə mübtəla olduğunu bilirdilər. Belə əzadarlıqların birində mərsiyə oxuyub sinə vuranlar dəstəsindən biri onun evinə gəlir. Mərhum Bürucerdi onların üzlərinə, alınlarına çəkdikləri türbət gildən götürüb bir miqdarını gözlərinə çəkir. Bununla da gözləri şəfa tapır və ömrünün sonuna qədər bir daha gözlərindən şikayətlənmir. Mərhum Bürucerdi qoca vaxtlarında belə, ən xırda yazıları eynəksiz oxuyardı. Belə kəramətlər sonsuzdur. Sizin hamınız belə mərasimlərdə tökülən bir damla göz yaşının nuraniyyətini əvvəl qəlbinizdə hiss edir, lakin neçə-neçə hacətlərinizin qəbulu və bəlaların üzərinizdən götürüldüyünü bilmirsiniz. Bunlar sonrakı mərhələlərdir. Burada söhbətdən yayınaraq, bir məsələni xatırlatmaq istəyirəm. Biz, adətən Allahdan qəbul olunmuş istəklərimizi düşünürük. Lakin başımızın üstünü almış neçə-neçə bəlalardan nicat tapdığımızdan xəbərsizik. Bizə nazil olan bərəkətin on bərabəri qədər də bizdən uzaqlaşdırılan müsibət və təhlükələrdən ya xəbərimiz olmur, ya da onları hesaba almırıq. Əgər belə bir həqiqətlər varsa, xalqın bu əzadarlıqları keçirib, göz yaşı axıtmasına nə deyə bilərik? AŞURA QİYAMININ TƏHRİF EDİLMƏZLİYİ VƏ MÜQƏDDƏSLİYİ Bura qədər Aşura qiyamının əhəmiyyəti və əzəməti, cəmiyyətdə on üç əsrdən artıq qoyduğu tə’sir barədə söhbət açdıq. Peyğəmbərlərin, övliyaların həyat tarixini mütaliə etdikdə, bir çox qaranlıq məsələlərlə qarşılaşırsınız. Hətta bu suallar Mə`sumların (ə) öz zamanında da olmuş, ölümlərindən sonra bir az da dərinləşmişdir. Məsələn, bizim Peyğəmbərimizə də digər peyğəmbərlər kimi saysız-hesabsız töhmətlər vurulmuşdur. O Həzrətin (nəuzubillah!) ağlını itirdiyi, dəli, sehrbaz və ya cadugər olduğunu söyləyir, xüsusilə də, cavanlara Peyğəmbərin söylədiklərinə qulaq asmamağı tövsiyə edirdilər. "Sehirbazdır, sözləri ilə sizi ofsunlayır" - deyə digərlərini ona yaxın buraxmırdılar. Peyğəmbərimizin özü də qabaqcadan xəbər vermişdi ki, «vəfatımdan sonra adımdan çoxlu yalan söyləyib, mənə iftira yaxacaqlar». Bu insanlar kafir düşmənlərdən deyil, o Həzrətin öz ətrafındakılardan idi; onlar Peyğəmbərə (s) iman gətirdiklərini iddia edən münafiqlər idi. Peyğəmbər (s) buyurmuşdur: "Mənim adımdan çoxlu yalanlar söyləyirlər; tezliklə bir dəstə insan özlərindən yalan hədislər uydurub, mənə nisbət verəcəklər". Bu səbəbdən də Rəsuli-Əkrəm (s) hədisin səhih və ya qeyri-səhih olmasını ayırd etmək üçün me`yar, ölçü tə’yin etmişdi: "Eşitdiyiniz hər bir hədisi Qur’anla tutuşdurun; Qur’ anla uyğun gəlməsə, bilin ki, onu mən söyləməmişəm". Bundan əlavə, Mə`sum İmamlarımız (ə) İlahi elmlərin mütəxəssisi olduqlarından, uydurulmuş hədisləri dəfələrlə yoxlayıb, süzgəcdən keçirmişdilər. Bir dəfə İmam Riza əleyhissəlamın vaxtında nəql olunmuş rəvayətlərə düzəliş verilmiş və bu düzəliş əsasında «Uyune-əxbar-Riza» adlı kitab yazılmışdı. Bu iş İmam Sadiq əleyhissəlamın dövründə də edilmişdi. İmam (ə) Əbul-Xəttab və digərləri tərəfindən uydurulmuş bə’zi hədisləri ayıraraq, səhih hədisləri tanıtdırmışdı. Hər halda siz qəti olaraq, peyğəmbərlərdən nəql olunmuş bütün hədisləri bir yerə yığmaq istəsəniz, bu hədislərin sayı çox olmayacaqdır. Bə’ziləri hətta bunları sayıb, toplamaq fikrinə düşürlər. Bir sözlə, belə hədislər çox azdır. Lakin uydurulmuş hədislər həddən artıqdır. Peyğəmbərin adından uydurulub söylənən rəvayətlər haqqında həm şiə, həm də sünnü alimləri tərəfindən çoxlu sayda kitablar yazılmışdır. Peyğəmbərin (s) zamanında hamıya aydın olan məsələlərdən biri də, hələ Həzrətin aşkar də’vətə başladığı gündən, həzrət Əlinin (ə) özündən sonra canişini olaraq tə’yin etməsidir. Baxmayaraq ki, bizləri məzhəb təəssübkeşi adlandırırlar, amma həqiqəti danmaq olmaz. Peyğəmbər (s) Qur’anın göstərişi ilə qurbanlıq qoyun kəsib, yaxın qohumlarını öz peyğəmbərliyini e`lan etmək üçün evinə də’vət edərkən belə buyurur: "Sizlərdən hansı biriniz mənə birinci iman gətirsə, mənim canişinim olacaqdır". Heç kim yerindən tərpənmir. Birinci ayağa qalxan on-on üç yaşlı bir uşaq, yə`ni Həzrət Əli (ə) olur. Orada əyləşən Qüreyşin böyüklərindən bə’ziləri Əbu Talibə istehza edərək belə deyirlər: "Bundan sonra gərək öz oğluna itaət edəsən. Əli peyğəmbərin canişini oldu, sən də gərək onun sözünə baxasan". Bu məsələ Peyğəmbərin (s) həyatında dəfələrlə müxtəlif surətlərdə söylənilir və tə’kid edilirdi. Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: "Ya Əli! Səninlə mənim aramdakı nisbət Həzrət Musa ilə Harunun nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq." Peyğəmbər (s) vəfatından yetmiş gün əvvəl Ərəbistanın qızmar çölü olan "Qədir-Xum" adlı bir məntəqədə həcc mərasimindən qayıdan müsəlmanları bir yerə toplayaraq, Əli əleyhissəlamı özünə canişin və ümmətin rəhbəri tə`yin etdiyini e`lan etmişdi. "Mən hər kəsin mövlası və ağasıyamasa, Əli də onun mövlasıdır." Qədir-Xum hadisəsindən yetmiş gün sonra Peyğəmbər (s) dünyadan köçür; Bədr və Hüneyn müharibəsində iştirak etmiş müsəlmanlar bir yerə yığışıb, o Həzrətə canişin tə’yin etdilər. Bə’ziləri Peyğəmbər canişininin mühacir və ənsardan olması, bə’ziləri isə, iki nəfər əmirin seçilməsi təklifini irəli sürdülər. Yaddan çıxan şey, təkcə Peyğəmbərin (s) yetmiş gün əvvəl buyurduğu vəsiyyəti oldu. Peyğəmbərin (s) nə üçün onları qızmar bir havada Qədir-Xum çölündə toplayıb o sözləri deməsi və iyirmi il müddətində dəfələrlə Əli əleyhissəlamı canişin olaraq tə’yin etməsi haqqında təfəkkür etmədilər. Peyğəmbərin (s) rəftarı və buyurduqları təhrif edildi. Hətta bə’zi zövcələri Həzrətə töhmət də vurdular. Qur’ani-Kərimdə o Həzrətin bə’zi zövcələri barədə hansı ifadələrin işləndiyini «Təhrim» surəsində görə bilərsiniz. Keçən bəhsimizdə Əli əleyhissəlam haqda söhbətə toxunmuşdum. Həzrət Əli (ə) iki xüsusiyyəti ilə tanınır. İmamın adı çəkilərkən, zehnimizə gələn ilk şey onun ədaləti və ibadəti olur. O Həzrət insanlar içrə ən abid və ən adil bir şəxs kimi tanınmışdır. İmam Əli (ə) əkin sahəsində yer belləyərkən belə, nafilə namazı qılardı. Bir gün ərzində beş yüz və ya min rükət namaz qılardı. Hamı da bunu bilirdi. Əli əleyhissəlamın Kufə məscidində şəhid edilmə xəbəri Şam əhlinə çatanda, onlar təəccüblənərək belə demişdilər: "Əlinin məsciddə nə işi var idi?! Məgər Əli də namaz qılırdı?!" Digər İmamlarımıza və din alimlərimizə də bu cür töhmətlər vururdular. Bütün müsəlmanlar üçün ən böyük höccət və dəlil Qur’ani-Kərimdir. Həzrət Adəm əleyhissəlamın xəlq olunduğu gündən, yer üzündə insan ömrü sona çatana qədər Qur’andan daha aydın, daha dəqiq heç bir höccət və sübut olmayacaqdır. Lakin Qur’anın özünü də səhv mə’nalarla təfsir edirlər. Bütün müsəlman firqələri öz məzhəbi ixtilaflarını Qur’an ayələrinə əsaslanmaqla həll etmək istəyirlər. İstər cəbrə inananlar olsun, istərsə də ixtiyara; hər iki dəstə öz iddialarını Qur’an əsasında sübuta yetirməyə çalışırlar. Qur’an ayələrinin düzgün olmayan bir tərzdə təfsir edilməsi və ya müxtəlif mə’nalara yozulması ayrı bir söhbətin mövzusudur ki, onun geniş izaha ehtiyacı vardır. Amma bu arada sui-istifadə etmək istəyən amillərin də rolu az deyil. Yə`ni, bə’ziləri bilərəkdən Qur’an ayələrini öz məqsədlərinə uyğun şəkildə təfsir edirlər. Bu da nadanlıqdan qaynaqlanır. Bizim ən böyük dəlil və höccətimiz Qur’andır. Bu təfsirlərin yazılması isə Qur’ani-Kərim barədə şübhə yaratmaq məqsədini daşıyır. Kamil insan nümunəsi olan bu iki şəxsiyyət - Həzrəti Məhəmməd (s) və İmam Əli (ə) haqqında müsəlmanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar. Bildiyiniz kimi, Rəsuləllahın (s) vəfatından 25 il sonra Əli (ə) xilafətə tə’yin edildikdə, onunla ilk bey’ət edən şəxslər Peyğəmbərin (s) yaxın səhabələri və Həzrət Əlinin (ə) bə’zi yaxın qohum-əqrəbaları idilər. Məsələn, Zübeyr həm Peyğəmbərin (s), həm də Əli (ə)-ın bibisi oğlu idi. Bunlar İmam Əliyə (ə) bey’ət edən ilk səhabələr idi. Lakin onunla əvvəl bey`ət edib əhd-peyman bağladılar, sonradan xalqı azdıraraq, İmam Əlini (ə) Osmanın qatili adlandırıb ona qarşı üsyana başladılar. «Cəməl» döyüşü və sonrakı neçə-neçə müharibələr buna əyani sübutdur. Hal-hazırda sünni qardaşlarımızla İslam dini və ya Peyğəmbərin (s) buyurduqları, davranışı və göstərişləri barədə fikir mübadiləsi aparıldıqda, anlaşılmazlıq yaranır. Sizə sadə bir misal çəkmək istərdim. Həzrət Peyğəmbər (s) 23 illik peyğəmbərliyi dövründə həmişə camaatla ünsiyyətdə olardı. O Həzrət (s) insanlarla qaynayıb-qarışmaqda, bir rəhbər kimi xalqın problemlərinə can yandırmaqda və eləcə də təvazö`karlıq və sadəliyində digər peyğəmbər və rəhbərlərdən seçilirdi; səhabələri ilə məscidə daxil olarkən, kənardan baxanlar peyğəmbəri adi camaatdan ayıra bilməzdilər. Rəftarı, əməli xalqın gözü qarşısında idi. Görəsən camaat bu 23 il ərzində Peyğəmbərin (s) necə dəstəmaz aldığını görməmişdilər? Bu ki, camaat üçün gizli bir məsələ deyildi? Xüsusilə də Məkkə və Mədinə əhalisi ən azı on il ərzində Peyğəmbərin (s) necə dəstəmaz aldığını hər gün müşahidə etmişdilər. Çox vaxt o Həzrətin (s) əlindən tökülən dəstəmaz suyunu təbərrük olaraq götürər, yerə tökülməyə qoymazdılar. Amma çox keçmədi ki, dəstəmaz aldıqda suyu necə tökmək üstündə problem ortaya çıxdı. Buna baxmayaraq, Peyğəmbərin (s) rəftar və yolunu davam etdirmək istəyənlər də var idi. Lakin araya şübhə toxumu səpmək istəyənlər buna imkan vermirdilər. Bütün bu işlərin başında Şeytan və şeytan xislətli insanlar dururdu. Bütün bu hadisələr arasında təhrif edilməsi mümkün olmayan məsələ İmam Hüseynin (ə) din uğrunda şəhid edilməsidir Bu yolda bütün dostları, yaxınları, hətta südəmər körpəsi belə şəhid olmuşdur. Bu tarixi heç kəs təhrif edə bilməmişdir. Əlbəttə, bə’zi xırda məsələlərdə ixtilaf mövcuddur. Məsələn, Kufədən İmam Hüseynin (ə) üstünə gələn qoşunun sayı 30 min nəfər idi, ya 120 min nəfər? Az idilər ya çox? Təbii ki, ordunun dəqiq sayını göstərmək mümkün deyildir. Digər məsələlərdə də buna oxşar ixtilaflar vardır. Lakin hadisənin əsil mahiyyətində ixtilafdan söz gedə bilməz. İmam Hüseyn (ə) din uğrunda qiyam etmiş və son nəfəsinə qədər, dodaqları yanıqlı, susuz vəziyyətdə şəhid olmuş və bu yolda ailəsi əsir düşmüşdür. Bu hadisənin dünya malı ilə əlaqələndirilməsi də mümkün deyildir. Məgər dünya malını qazanmaq üçün İmam Hüseynin (ə) şəhadətdən başqa bir yolu yox idi? Vəzifə, kürsü davası edənlər öz canlarını, mallarını və digər mənafelərini təhlükə altında gördükdə, çıxış yolu olaraq sülhü seçirlər. Bu təklif Aşura axşamı İmam Hüseynə (ə) təklif olunmuşdu. Lakin sülh və saziş seçimini o Həzrətə şamil etmək olmaz. Necə ki, Aşuranın səhəri günü ona, Yezidə bey’ət etmək müqabilində canının amanda qalacağını və`d etmişdilərsə də, o Həzrət qəbul etməmişdi. Buyurur: "Zillət və xarlıq bizdən uzaqdır!" Bu səhifələrə sığmayacaq qədər digər məsələlər, həmçinin Hürrün seçimi də sözü gedən mövzuya aydınlıq gətirir. Bizim inancımıza görə, İmam Hüseyn (ə) bu yolda şəhid olacağını əvvəlcədən bilirdi. Əgər bir kimsə imamət elmini və o Həzrətə olunan ilhamları inkar edərsə, buna cavab olaraq, Peyğəmbərdən (s) İmam Hüseynin (ə) şəhid olacağını xəbər verən hədisləri və gördüyü yuxuları misal göstərmək olar. Həzrət nitqlərinin birində belə buyurmuşdur: "Sanki biyabanın yırtıcılarının və səhranın canavarlarının məni necə tikə-tikə etdiklərini görürəm". İmamın bu seçimini dünya malı və vəzifə tamahı ilə əlaqələndirmək ən azı məntiqsizlikdir. Bu işdən məqsəd öz cəddinin ən ağır əmanəti olan müqəddəs İslam dininin yenidən dirçəldiməsi idi. Əlbəttə, elə insanlar da vardır ki, İmam Hüseynin (ə) bu seçimində səhv etdiyini və bu işi görməyə haqqı olmadığını iddia etsələr də, eyni zamanda onun bu işi din uğrunda etdiyini qəbul edirlər. İslamda yaranmış bə`zi cərəyanları, o cümlədən Nasibiləri buna misal vurmaq olar. Bu hadisə bütün müsbət xüsusiyyətlərinə görə, yə`ni insanlara doğru yol göstərdiyi və fədakarlıq dərsi öyrətdiyi üçün düzgün bir hərəkətdir. Müsəlmanlar üçün buna bənzər bir şərait yaransa, onların da seçiminin İmamın (ə) yolu olduğunu desək, heç də yanılmarıq. Hər halda İmam Hüseyn (ə) hərəkatının əsas xüsusiyyəti və hədəfinin dünya malı deyil, din uğrunda barışmaz və qətiyyətli bir mübarizə olduğu aydınlaşdı. Elə bu səbəbdən də Kərbəla hadisəsinə diqqət edən hər bir kəsin ürəyində hidayət nuru parlayır, qəlbi oyanır, dini hissləri dirçəlir, öz üzərində millətə və dinə qarşı məs’uliyyət hissinin yarandığını müşahidə edir. Sizcə, İmam Hüseyn (ə) kimi İlahi bir şəxsiyyətin öz ailə-uşaqları və hətta südəmər körpəsi ilə belə, İslam uğrunda şəhid olması bizim qarşımızda məs’uliyyət hissi yaratmamalıdır? "Bu insanların önündə Qiyamətə qədər yanan bir çıraqdır. Hər kəs hər yerdən bu çırağa nəzər salsa, yol tapar" ifadəsi heç kimdə şübhə yarada bilməz. Bu səbəbdən də İmamın şəhadətindən bir neçə müddət keçmiş, "Təvvabin hərəkatı" başlayandan bu günə kimi hamı bu qiyamın yad edilməsində sə’y göstərmişdir. İstər ağlamaqla olsun, istər fədakarlıq göstərməklə. Adi bir ovuc Kərbəla torpağını gətirərək, xüsusi ehtiramla imam Hüseyni (ə) yad edirlər. Digər tərəfdən, İmam Hüseynin (ə) adını tarixdən silmək üçün az işlər görülməmişdir. Axı onların İmam Hüseynlə (ə) düşmənçiliyi nə idi? Nə üçün o Həzrətin adını əziz tutan, ziyarətinə gələn insanları öldürür və adının yaşadılması və yad edilməsinin ziddinə çıxırdılar? İmamın qəbrini şumlayıb onu yox etmək, müqəddəs məzarının üzərinə toxum səpərək oranı əkin sahəsinə döndərmək istəyirdilər? Görəsən bu düşmənçiliklərin faydası nədir? Çox uzağa getməyək. İndinin özündə də bə’zi yaşlı adamlar, pəhləvi hakimiyyətinin əvvəllərində əzadarlığın qadağan olunduğu günləri yaxşı xatırlayırlar. Ruhani libasının geyinilməsi, İmamın adına məclislərin keçirilməsi və mərsiyələrin oxunuşuna izn verilmirdi. Mənim yaxşı yadıma gəlir. O zamanlar beş yaşım olardı. Axşam məclis qurmaq istəyəndə, rövzəxan kostyumda gələr, dalanda paltarını dəyişərək ruhani paltarı geyinər, daha sonra içəri girərdi. Evin zirzəmisində ahəstə səslə rövzə oxuyardı ki, dövlət mə’murları səs eşidib bu məclisdən xəbər tutmasınlar. Məgər İmam Hüseyn (ə) adının pəhləvi hökuməti ilə nə kimi problemi ola bilərdi? Görəsən İmam Hüseyn adına olan bu düşmənçilik nədən qaynaqlanır? Bunlar ki, özlərini "dindar ziyalılar" adlandırırlar. Əlbəttə, bunları "dindar ziyalılar" deyil, "dinsiz zülmətfikirlilər" adlandırsaq daha düzgün olar! Çünki, bu kimi şəxslərin nə dində bir payları var, nə də ki, aydın fikirlilikdən əsər-əlamətləri. Bunların İmam Hüseynlə (ə) nə kimi düşmənçilikləri vardır? Görəsən nəyə görə imam Hüseynin (ə) şəhadət məsələsini adi bir hadisə kimi qələmə verməkdə bu qədər israr edirlər? Və ya bu hadisəni Peyğəmbərin (s) etdiyi müharibələrin əvəzi kimi qiymətləndirirlər? Onlar öz fikirlərini belə əsaslandırırlar: "Bədr müharibəsində Peyğəmbər (s) Bəni-Üməyyə ilə düşmənçilik etmişdi. Əməvilər də müharibə alovunu qızışdırıb, Peyğəmbərin (s) nəvəsini və dostlarını öldürdülər. Bu, həmin düşmənçiliklərin nəticəsi idi!" Əvvəla, Bədr müharibəsində həm müsəlmanlardan, həm də kafirlərdən ölənlər olmuşdu. Lakin kafirlər daha çox itkiyə mə`ruz qalmışdılar. Allah Təala özü bu müharibəni müsəlmanların qələbəsi ilə bitirdi. Onlar belə deyirlər: "Bədr döyüşündə Peyğəmbər (s) Bəni-Üməyyə ilə kobudluqla rəftar etdiyi üçün, onların nəvəsi də onun nəvəsi ilə həmin rəftarı etdi. Bu təbii bir iş idi; həyatın hər gün müşahidə olunan adi əks-əməllərindən biri idi. Peyğəmbər (s) onları öldürməməliydi. Əvəzində, onların övladları da Rəsuləllahın (s) övladlarını öldürməzdilər". Belə ziyalıların öz tə`birləri ilə desək, əgər kimsə Aşura hadisəsindən bir dərs öyrənib ibrət götürmək istəyirsə, gərək bilsin ki, heç kəslə kobud rəftar etməməlidir ki, sabah da onun özü və ya övladlarına qarşı həmin rəftar təkrarlanmasın. Onların məntiqinə görə, Aşura hadisəsindən məhz bu şeyləri öyrənib-öyrətməliyik. Belə adamların nəzərinə görə cihad, müdafiə, əmr be mə’ruf, nəhy əz münkər kimi mühüm məsələlər aradan götürülməlidir. Belə olsa, heç kimin heç kimlə işi olmayacaqdır. Yə’ni, Allahın Qur’anda buyurduğu "Siz (ey iman gətirənlər!) O kafirlərlə müharibəyə qalxın ki, Allah onları sizin əlinizlə əzaba çatdırsın və rüsvay etsin; sizi onlara qalib edib (qəm-qüssə ilə dolu olan) iman gətirmiş ürəklərə (qələbə və zəfərlə) şəfa bəxş etsin" ayəsi (nəuzubillah!) boş şeydir?! Onların fikrincə - «Kafirlərlə vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin və sizlərə onlara qələbə çalmaqda kömək etsin. Beləliklə də, mö’minlərin qəlbi şad olsun" ayəsini buyurmaqla Allah Təalas əhvə yol vermişdir?! (Allaha pənah aparırıq belə bir həyasızlıqdan.) Bunlar Qur’an ayələridir. Amma bə’zi «ziyalılar» deyirlər: "Qur’an nahaq yerə belə sözlər buyurub. Dava-dalaş, qan töküb müharibə etmək yaramaz bir işdir, Allah (nəuzubillah!) səhv edibdir! Peyğəmbər (s) Bədr savaşında iştirak etməyi ilə səhv iş tutubdur. Peyğəmbərin (s) səhv hərəkətinin nəticəsi bu oldu ki, onun övladını öldürdülər. Yazıq Yezid ata-babasının intiqamını alırdı. Burada Yezidin bir günahı yox idi... Birinin atasını öldürəndə, o da gedib qatilin oğlunu öldürəcək də!". Bu üzdəniraq sözlərin müəllifləri öz puç iddialarını "Modern İslam", "İslamda yeni anlayışlar!" kimi ifadələrlə adlandırırlar. Bunlar qəzetlərdə çox çap olunur. Bu işləri görməklə İmam Hüseynin (ə) haqq mübarizəsinin üzərinə kölgə salmaq, gəncləri bu müqəddəs yoldan döndərmək və onların zehnlərini öz cəfəngiyatları ilə doldurmaq məqsədi güdürlər. Görəsən onların İmam Hüseynlə (ə) düşmənçilik etmələrinin səbəbi nədir? Cavabı aydındır: İmam Hüseyn (ə) hidayət çırağıdır. O, fəzanı qaranlıqlaşmağa qoymur. İnsanları yollarını azmaqdan saxlayır. O, gediləcək yolu aydınlaşdırır, insanların vəzifəsini müəyyənləşdirir. Din, millət, namus, qeyrət, vətən, torpaq və bu kimi müqəddəs dəyərlərin necə müdafiə olunacağını onlara anladır. İmam Hüseyn məktəbi insanlara mərdlik, cəsarət, fədakarlıq hisslərini aşılamaqla yanaşı, ictimai-siyasi mühitdən asılı olmayaraq, hər an zülmə qarşı mübariz olmağa, sazişçilikdən yaxa qurtarmağa sövq edir; camaatı qarşılıqlı anlaşma, saziş, sövdələşmə və bu kimi bəhanələrlə biqeyrət olmağa qoymur! İmam Hüseyn (ə) buyurur: "Heyhat minəz-zillət!" Belə bir eşqi tamah və ya pulla susdurmaq qeyri-mümkündür! Çünki, o Həzrətin hədəfi məqam və vəzifə deyildi. Bu mübarizədən uzaqlaşdırmaq üçün onu ən son çıxış yolu olan ölümlə hədələyirdilər. İmamın cavabı bu oldu: "Mən hazıram!" Körpəsini də bu yolda qurban verdi. Ölümdən yuxarı bir sərhədd yoxdur ki?! Əgər bir şəxs Hüseyn (ə) məktəbinin həqiqi davamçısı olsa, onu nə pulla almaq olar, nə də ölümlə qorxutmaq. Qələbənin sirri də buradadır. Ölümdən qorxmayan kəs həmişə qalibdir! İmam Hüseynin (ə) köməkçiləri Aşura gecəsi ölümlə öz mə`şuqlarının vüsalına qovuşmaq üçün yanıb-yaxılırdılar. Bu məktəb məğlubedilməzdir! Əlbəttə, təhrif edib ona arxadan zərbə vurmasalar. Beləliklə, bütün bu söylənilənlərdən belə bir nəticəyə gəlmək olar ki, İmam Hüseyn (ə) aşiqləri çox aydın bir baxışla ona məhəbbət bəsləyirlər. O Həzrətə müxalif olanların düşmənçiliklərinin səbəbi də aydınlaşdı. Çünki, İmam Hüseyn (ə) hidayət çırağı olub, insanları zəlalətdən qurtarır və onların azğınlığa düşmələrinin qarşısını alır. Bu nur, insanların qanını soran və onlardan hər bir şəkildə sui-istifadə edən istismarçıların planlarını əngəlləyir; buna görə də düşmənlər imkanları daxilində İmam Hüseyn (ə) məktəbinə ləkə yaxmaq, bu mübarizənin nəticələrinin üzərinə kölgə salmaq və insanlar arasında təfriqə toxumu səpməyə çalışırlar. USTAD MİSBAH YƏZDİ

Ïå÷àòü    

Êîììåíòàðèè


 






Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

NİYƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ?

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Bismillahir-rəhmanir-rəhim Şəhidlər sərvəri İmam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

Kerbela Olayı Sonrası Durumlar

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

İmam Hüseyin (a.s)'ın Şehadetinden Sonra Hulefa Mektebinin Durumu A- Bağış ve İhsan İbn-i A'sem şöyle diyor: İmam Hüseyin (a.s)'ın şehadetinden sonra Iraklılar (Basra ve Kuf

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

Kerbela Olayı Öncesi Durumlar

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

İMAM HÜSEYİN (A.S)'IN VASİYETİ[1] "Bismillahirrahmanirrahim. Bu Hüseyin b. Ali b. Ebutalib'in, İbn-i Hanefiyye'ye diye bilinen kardeşi Muhammed'e vasiyetidir. Hüseyin şehadet ediyor ki, Allah'dan baş

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

Neden İmam Hüseyin (a.s)'ın Şehadeti Tercih Etti?

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Neden İmam Hüseyin (a.s)'ın Şehadeti Tercih Etti? Bu konuyu incelemeden önce şu konulara değinmemiz yerinde olacaktır: A- İmam Hüseyin (a.s)'ın katili neden onu öldürmeye kalkı#

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

Kerbela Faciasının Gerçekleşmeden Önce Haber Verilmesi

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

1- Re'su'l-Calut Rivayeti: Taberî, Belazurî, Taberanî, İbn-i Sa'd, Re'su'l-Calut'tan,[1] o da babasından şöyle rivayet ediyorlar:

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

Halkın iki Gruba Ayrılışı ve İmam'ın (a) Yezid'e Biatten Kaçınması

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Halkın iki Gruba Ayrılışı İslam dünyasında vuku bulan o açık ve sarih konuşmalar, İslam ümmetini iki gruba ayırdı; dünya kaldıkça insanlar arasında bu ikilik

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

KERBELAYA VARDIKTAN SONRA - ŞEHADET KERVANIYLA ADIM ADIM (3)

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Hz. Hüseyn (a.s)'ın kafilesi, Hürr'ün ordusuyla birlikte hareketlerine devam edip "Neyneva"ya ulaştılar. Burada ata binmiş silahlı bir süvariyle karşılaştılar, o adam İbn-i Ziyad'ı

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

KERBELA'YA DOĞRU - ŞEHADET KERVANIYLA ADIM ADIM (2)

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Irak seferinden vazgeçmeyi Hz. Hüseyn'e (a.s) teklif eden kişilerden beşincisi Arapların meşhur şairi Ferezdak'tır. Hz. Hüseyin (a.s) Mekke'den Irak'a doğru hareket ettiği zaman Ferazdak da hac fariza

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

YOLA ÇIKMADAN ÖNCE - ŞEHADET KERVANIYLA ADIM ADIM (1)

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

Hicretin 60. yılı, Receb ayının ortalarında, Muaviye'nin ölmesiyle oğlu Yezid hilafet makamına geçti. Hilafeti eline alır almaz hemen muhtelif bölgelerin vali ve yöneticilerine mektuplar yazarak

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå

Ïîñëåäíèå ñòàòüè ðàçäåëà

KERBELA KIYAMININ SEBEPLERİ

Äàòà ïóáëèêàöèè 01.02.07   Âðåìÿ ïóáëèêàöèè 23:30:37    Ïðî÷èòàíî 438

İmam Hüseyin (a.s)’ın kıyamının sebeplerini O’nun kendi sözlerinde aramak gerekir. İmam Hüseyin (a.s)’ın kendisi ne için kıyam ettiğini herkesten daha iyi biliyordu. İmam Hüseyin

  Ïîäðîáíåå |    â îòäåëüíîì îêíå